AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ AVSTRİYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
Respublikalarımızın hüquq mühafizə, o cümlədən xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan səfər proqramı çərçivəsində nazir Eldar Mahmudov Avstriyanın federal daxili işlər naziri xanım Liza Prokop, digər yüksək vəzifəli şəxslər, habelə xüsusi xidmət orqanlarının rəhbərləri, o cümlədən Avstriya Dövlətinin Qorunması və Terrorçuluğa Qarşı Mübarizə üzrə Federal Agentliyin direktoru, Xarici Strateji Kəşfiyyat Xidmətinin başçısı və Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçirmişdir.
Görüşlərdə general-leytenant Eldar Mahmudov ölkəmizdə aparılan demokratik islahatlar, ictimai-siyasi sabitliyin təmin olunması, regionda gedən proseslər və reallıqlar, eləcə də beynəlxalq terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə sahəsində görülmüş işlər barədə danışmış, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə gördüyü işləri qeyd etmişdir.
Nazir Eldar Mahmudov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun tarixi kökləri, törətdiyi ağır nəticələr barədə avstriyalı həmkarlarına ətraflı məlumat vermiş, bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin zəruri olduğunu bildirmişdir. General-leytenant Eldar Mahmudov dost ölkələrimizin xüsusi xidmət orqanları arasında son zamanlar dinamik surətdə inkişaf edən əməkdaşlığın, habelə təcrübə və məlumat mübadiləsinin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İşgüzar şəraitdə keçirilən bütün bu görüşlərdə hər iki ölkə üçün əhəmiyyət kəsb edən bir sıra mühüm məsələlərin həll olunmasında və eləcə də beynəlxalq terrorçuluqla mübarizə sahəsində birgə səylərin gələcəkdə daha da gücləndirilməsi xüsusi qeyd olunmuşdur.
General-leytenant Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Avstriya dövlətinin “KOBRA” xüsusi təyinatlı dəstəsinin, onun antiterror qrupunun federal mərkəzində və təlim hissəsində olmuşdur. Tanışlıq zamanı nümayəndə heyəti üçün bu strukturun fəaliyyəti barədə təqdimat keçirilmişdir.
Nazir Eldar Mahmudov, həmçinin mayın 19-da Avstriyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Vyana şəhərində keçirilən “Dinlər və mədəniyyətlər arasında dialoq” mövzusunda beynəlxalq konfransın işində də iştirak etmişdir. Avropa İttifaqının 50-dən çox üzv və qonşu dövlətlərin xüsusi xidmət orqanlarının başçılarının iştirak etdiyi bu mühüm tədbirdə yeni təhlükələrə qarşı yeni mübarizə yolları xüsusi müzakirə mövzusu olmuşdur.
General-leytenant Eldar Mahmudov səfər proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin Vyana şöbəsinin baş direktoru, narkotiklər və cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Antonio Maria Kosta ilə də görüşmüşdür. Görüşdə beynəlxalq cinayətkarlığa qarşı qlobal mübarizədə Azərbaycan və BMT arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuş, bu qurumun narkotiklər və cinayətkarlıq üzrə idarəsi tərəfindən ölkəmiz üçün müvafiq proqram-layihənin işlənib hazırlanmasının məqsədəuyğunluğu qeyd edilmişdir.