Azərbaycanın qadın güləşçiləri Estoniyada 5 medal qazanıblar
Stokholm, 30 mart, АZƏRTAC
Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmələr arasında beynəlxalq idman güləşi festivalı – “Tallinn Open” turnirində Azərbaycanın qadınlardan ibarət U-17 yığma komandası inamlı nəticə əldə edib. Komandaya Olimpiya Oyunları və dünya çempionatlarının dəfələrlə mükafatçısı olmuş Mariya Stadnik rəhbərlik edib.
AZƏRTAC xəbər verir ki, yarışlarda Azərbaycanı təmsil edən 7 idmançıdan 5-i medal qazanaraq, yüksək hazırlıq səviyyəsini və güclü rəqabət qabiliyyətini nümayiş etdirib.
53 kiloqram çəki dərəcəsində qızıl medala Fatimə Bayramova layiq görülüb. Gümüş medalları Nazrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) qazanıblar. 49 kiloqram çəki dərəcəsində isə Xədicə Qurbanzadə bürünc medala sahib olub.
Turnir müddətində Estoniyadakı Azərbaycan icması olan “Birlik”in rəhbəri Zakir Miriyev və icma üzvləri komandaya yaxından dəstək göstəriblər. Bu amil idmançıların daha rahat və inamlı çıxış etməsinə şərait yaradıb.
Yarışlarla yanaşı, idmançılar üçün Tallin şəhəri üzrə ekskursiya təşkil olunub. Bu proqram iştirakçılara şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb.
“Tallinn Open” turnirində qazanılan nəticələr gənc idmançıların inkişafında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan qadın güləşi məktəbinin yüksək potensialını bir daha təsdiqləyir.
Qeyd edək ki, komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm