“Azərbaycanın Regionlarında Davamlı Turizmə Dəstək” layihəsi uğurla reallaşdırılır
Bakı, 15 sentyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Azərbaycanın Regionlarında Davamlı Turizmə Dəstək” layihəsi çərçivəsində Quba-Qusar regionunda Xınalıq və Qrız kəndlərində və Astara rayonunda Sım kəndində qonaq evlərində suisitmə sistemləri uğurla quraşdırılıb.
AZƏRTAC BMT-nin İnkişaf Proqramının məlumatına istinadla xəbər verir ki, “Azərbaycanın Regionlarında Davamlı Turizmə Dəstək” layihəsi turizm infrastrukturunun təkmilləşdirilməsi və regional turizm obyektlərinin abadlaşdırılması üçün nəzərdə tutulub. Əsas məqsəd turizm sektorunda fəaliyyət göstərən yerli sahibkarları zəruri avadanlıq və resurslarla təchiz etməkdir.
“Bu təşəbbüs iki məqsədi özündə birləşdirir. Turizm sahəsində kiçik və orta müəssisələrin gücləndirilməsi, digəri isə təkmilləşməsini dəstəkləmək məqsədi daşıyır. Bununla da bu müəssisələr tarixi əhəmiyyətə malik kəndləri ziyarət edən həm yerli, həm də xarici qonaqlara yüksək keyfiyyətli xidmət təklif edə biləcəklər”, - deyə məlumatda qeyd olunub.