AZƏRBAYCANIN RUMINİYADAKI SƏFİRLİYİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Mərasimdə Rumıniyada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Rumıniya-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri iştirak etmişlər.
Tədbirin iştirakçılarına respublikamızda gedən proseslər, Ermənistanın Azərbaycana təcavüzü, münaqişənin dinc yolla həlli istiqamətində aparılan danışıqlar, parlament seçkiləri, cari ildə ölkəmizdə baş vermiş mühüm hadisələr, əldə olunan uğurlar, Azərbaycan-Rumıniya dostluq, əməkdaşlıq münasibətlərinin inkişaf istiqamətləri, eyni zamanda səfirliyin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün ümummilli lider Heydər Əliyev tərəfindən təsis edildiyi vurğulanmışdır.
Milli və dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin, üzləşdiyimiz problemlərin aradan qaldırılmasında vahid mövqedən çıxış edilməsinin, birgə səylərin göstərilməsinin zəruriliyi qeyd olunmuşdur. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciəti iştirakçıların nəzərinə çatdırılmışdır.
Həmvətənlərimiz Azərbaycan iqtidarının həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulamış, Rumıniyada yaşayan azərbaycanlılara göstərilən qayğıya görə səfirliyə minnətdarlıqlarını bildirmiş, əlamətdar gün münasibətilə ürək sözlərini söyləmişlər.