AZƏRBAYCANIN RUSİYADAKI YENİ SƏFİRİ İTAR-TASS-DA MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
O, Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirdiyini və Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərlərinin fəal işlədiyini bildirmişdir. Bülbüloğlu demişdir: “Energetika sahəsində birgə fəaliyyət üçün qarşımızda böyük imkanlar açılır”. Bununla əlaqədar diplomat Rusiyaya Aralıq dənizinə çıxmaq üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə etməyi təklif etmişdir.
Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbəri Dağlıq Qarabağ münaqişəsindən danışaraq qeyd etmişdir ki, onun həllində Rusiya mühüm rol oynayır. O söz vermişdir ki, “bu münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Bülbüloğlu xatırlatmışdır ki, tezliklə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır. Səfir demişdir: Hamı bu görüşdən nəticələr gözləyir. Zənnimcə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox səylər göstərmək lazımdır.
Səfir Azərbaycanda Rusiya İlindən də söhbət açmışdır. O bildirmişdir ki, bu tədbir fevralın 21-də Bakıda incəsənət ustalarının böyük konserti ilə təntənəli şəraitdə açılacaqdır. Bu genişmiqyaslı ictimai-siyasi aksiya Rusiyada Azərbaycan İlinə cavab olaraq keçirilir. Onun fikrincə, “Rusiyada Azərbaycan İli iki dövlətin qarşılıqlı dostluq münasibətləri tarixində mühüm hadisə olmuşdur”.
Bülbüloğlu demişdir ki, görkəmli musiqiçilərin, rəssamların, teatr və kino ustalarının, aparıcı yaradıcılıq kollektivlərinin iştirakı ilə mədəniyyət günləri keçirilməsi artıq ənənəyə çevrilmişdir. O, nəzərə çarpdırmışdır ki, rus incəsənəti Azərbaycanda daim məhəbbətlə qarşılanır. Rusiya artistlərinin Bakıda və respublikanın digər şəhərlərində həmişə uğurla keçən qastrolları buna sübutdur. XX əsrin dahi bəstəkarı Dmitri Şostakoviçin doğumunun 100 illiyinə həsr edilən musiqi festivalı Azərbaycanda 2006-cı ilin əsas hadisələrindən biri olacaqdır. Bir həftə sürəcək bu festivala əslən bakılı olan məşhur Rusiya musiqiçisi Mstislav Rostropoviç başçılıq edəcəkdir.