Azərbaycanın sülhməramlı missiyalarda iştirakı beynəlxalq təhlükəsizliyə töhfədir
Bakı, 22 iyul, AZƏRTAC
BMT-nin sülhməramlı əməliyyatları beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mühüm vasitələrdən biri hesab olunur. Son onilliklər ərzində bu missiyalar münaqişələrin idarə olunması, postmünaqişə dövründə sabitliyin təmin edilməsi və humanitar fəaliyyətin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət qazanıb. Bu prosesdə Azərbaycanın da iştirak etməsi ölkənin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricilərindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva söyləyib. O bildirib ki, son onilliklər ərzində sülhməramlı fəaliyyət beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilərək münaqişələrin idarə olunması və postmünaqişə dövründə sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət qazanıb. Sülhməramlı əməliyyatların həyata keçirilməsində BMT-nin institusional mexanizmləri mühüm rol oynayır. Təhlükəsizlik Şurası missiyaların yaradılması və mandatlarının müəyyənləşdirilməsi barədə qərarlar qəbul edir, Baş katib onların ümumi koordinasiyasını təmin edir. Üzv dövlətlər isə şəxsi heyət, maliyyə və texniki resurslar təqdim etməklə bu prosesə töhfə verirlər.
G.Paşayeva qeyd edib ki, müasir dövrdə sülhməramlı əməliyyatlar müxtəlif formalarda həyata keçirilir. Müşahidə missiyaları, çoxölçülü sülhməramlı missiyalar və sülhə məcburetmə əməliyyatları arasında həm məqsəd, həm səlahiyyət, həm də fəaliyyət metodları baxımından ciddi fərqlər mövcuddur.
Deputatın sözlərinə görə, müasir sülhməramlı fəaliyyət bir sıra ciddi çağırışlarla da üzləşir. Münaqişələrin mürəkkəbləşməsi, terrorizm təhlükəsi, qeyri-dövlət silahlı qruplarının fəallığı, geosiyasi rəqabət və resurs çatışmazlığı beynəlxalq missiyaların fəaliyyətinə birbaşa təsir göstərir.
Deputat vurğulayıb ki, bütün bunlar sülhməramlı əməliyyatların yalnız hərbi fəaliyyət növü olmadığını göstərir. Bu əməliyyatlar beynəlxalq hüququn, diplomatiyanın, təhlükəsizlik siyasətinin və humanitar fəaliyyətin qovuşduğu mürəkkəb mexanizmdir. Məhz bu nəzəri çərçivə Azərbaycanın sülhməramlı missiyalarda iştirakının əhəmiyyətini daha dolğun qiymətləndirməyə imkan verir və Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda praktiki təcrübəsinin təhlili üçün zəruri əsas yaradır.
Müsahibimiz, həmçinin bildirib ki, hazırda 121 ölkədən 65 mindən artıq BMT sülhməramlısı Afrika, Asiya və Avropada həyata keçirilən 11 BMT sülhməramlı əməliyyatında iştirak edir. Onların arasında Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu da yer alır.