AZƏRBAYCANIN TƏŞƏBBÜSKARI OLDUĞU VƏ QOŞULDUĞU LAYİHƏLƏR REGİONDA SÜLHÜN VƏ SABİTLİYİN TƏMİNATINA YÖNƏLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, qonaqların Azərbaycanın regionda mövqeyinə, qonşu ölkələrlə münasibətlərinə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandıran nazir E.Məmmədyarov, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları haqqında məlumat vermişdir. Beynəlxalq hüququn xalqların öz müqqədəratını təyinetmə və dövlətlərin ərazi bütövlüyü prinsiplərinin bir-birinə zidd olmadığını qeyd edən E.Məmmədyarov, ərazi bütövlüyü daxilində xalqların öz müqəddəratını təyin etməsinin düzgün olduğunu bildirmiş, misal kimi Rusiya daxilində Başqırdıstanı və Tatarıstanı göstərmişdir.
Eyni zamanda, nazir xarici ölkələrdəki, o cümlədən ABŞ-dakı erməni diasporunun bu ölkələrin parlamentləri ilə əlaqələrində müşahidə olunan qeyri-konstruktiv mövqelərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə ciddi maneələr törətdiyini vurğulamışdır.
Elmar Məmmədyarov regional neft, qaz və nəqliyyat layihələri barədə geniş məlumat verərək, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə aydınlıq gətirmiş, respublikamızın mehriban qonşuluq siyasətində maraqlı olduğunu bildirmişdir. O, Azərbaycanın təşəbbüskarı olduğu və qoşulduğu layihələrin iqtisadi əhəmiyyəti ilə yanaşı, geostrateji üstünlüklərini vurğulamış, bu layihələrin regionda sülhün və sabitliyin təminatına yönəldiyini diqqətə çatdırmışdır.
Ölkəmizdə İslam dininin vəziyyəti ilə bağlı suala cavabında isə nazir, Azərbaycanın dünyəvi dövləti olduğunu və hazırda İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin Konfransına sədrlik etdiyini bildirmişdir. E.Məmmədyarov dünyada mötədil İslamın rolunun artırılmasının, Qərb və İslam dəyərlərinin qarşılıqlı öyrənilməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.