AZƏRBAYCANIN VƏ TÜRKİYƏNİN MƏHKƏMƏ-HÜQUQ QURUMLARI ARASINDA ƏLAQƏLƏR UĞURLA İNKİŞAF EDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinlə görüşmüşdür.
Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, sədr Ramiz Rzayev Türkiyə ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ölkəmizlə qardaş Türkiyənin məhkəmə-hüquq qurumları arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmişdir.
Ramiz Rzayev qonaqlara Azərbaycanda məhkəmə sisteminin tarixi, Ali Məhkəmənin yeni strukturu, fəaliyyəti və perspektivləri barədə geniş məlumat vermişdir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıran R.Rzayev, bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapmasını xüsusi vurğulamışdır.
Ali Məhkəmənin sədri Türkiyə ədliyyə nazirinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdir. Bildirilmişdir ki, qardaş və dost ölkələrimizin məhkəmə-hüquq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən görüşlərin keçirilməsi hər iki ölkənin müvafiq təşkilatlarının əməkdaşlığının inkişafına yeni imkanlar açacaqdır.
Sədr Türkiyədə səfərdə olarkən Mehmet Əli Şahinlə görüşünü xatırlatmış, bu görüşün onda xoş təəssürat yaratdığını bildirmişdir.
Mehmet Əli Şahin Türkiyə Ədliyyə Nazirliyinin strukturu və fəaliyyət dairəsi barədə danışmış, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf istiqamətləri, dövlətlərimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilmiş, məhkəmə-hüquq təcrübəsi ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.
Sonda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinə minnətdarlıq etmişdir.
######
