Azərbaycanın Xorvatiyadakı səfiri XXVII Qran-Pri turnirində uğur qazanan karateçilərimizlə görüşüb
Bakı, 15 yanvar, AZƏRTAC
Ölkəmizin karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandaları Xorvatiyada 27-ci Qran-Pri turnirini səkkiz medalla başa vurub.
Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a bildirilib ki, yeniyetmələrdən Fərid Ağayev (52 kq) və Fidan Dadaşova (47 kq) yarışın qalibi olublar. Gənclər arasında Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) ikinci yeri, Tale Yaqubov (63 kq, yeniyetmə), Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq, hər biri gənclər) isə üçüncü pillədə qərarlaşıblar.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyiblər.
Turnirdən sonra mükafatçılarla görüşən səfir F.Qurbanov karateçilərimizi təbrik edib və onlara uğurlar arzulayıb.
AMKF-nin prezidenti Yaşar Bəşirov idmançılarımızı fəal dəstəklədiklərinə görə Fəxrəddin Qurbanova və səfirliyin əməkdaşlarına minnətdarlığını bildirib.