Azərbaycanlı alim Gürcüstan Milli Elmlər Akademiyasının üzvü seçilib
Tbilisi, 24 iyul, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev Gürcüstan Milli Elmlər Akademiyasının (MEA) xarici üzvü seçilib.
Bu barədə AZƏRTAC-a Gürcüstan MEA-nın prezidenti akademik Roin Metreveli məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 23 iyul 2025-ci il tarixli qərarı ilə dünyaşöhrətli riyaziyyatçı-alim Asəf Hacıyev Azərbaycan və Gürcüstan elmi əlaqələrinin inkişafındakı müstəsna xidmətlərinə, riyaziyyat elminin inkişafına bəxş etdiyi mühüm töhfələrə görə bu ada layiq görülüb.
Üzvlük diplomu elmi qurumun genişləndirilmiş iclasında təqdim olunacaq.
Qeyd edək ki, A.Hacıyev 2005-ci ildə Ümumdünya Elmlər Akademiyasının, 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının, 2016-cı ildə Moldova Elmlər Akademiyasının və 2011-ci ildə Çinin Çenqdu Universitetinin fəxri professoru, 1988-ci ildə Bernulli adına Ehtimal və Riyazi Statistika Ümumdünya Cəmiyyətinin, 2005-ci ildə isə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi