Azərbaycanlı alim Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Daşkənd, 18 oktyabr, AZƏRTAC
Daşkənddəki Nəvai adına Dil və Ədəbiyyat Universitetində “Özbək dilinin inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru professor Şuxrat Sirocəddinov konfransda çıxış edərək türk dilləri arasında özbək dilinin mövqeyi haqqında danışıb. Qeyd edib ki, bu ildən ölkə tam olaraq latın qrafikasına keçib.
Konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov çıxış edib. O, “Müstəqillik dövründə Özbəkistanda dil siyasəti” adlı məruzəsində Özbəkistanda son dövrlərdə latın qrafikasına keçid məsələlərindən söhbət açıb və bu istiqamətdə Azərbaycan təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova mərkəzin fəaliyyəti, burada keçirilən tədbirlər, qurumun təşəbbüsü ilə çap edilən kitablar haqqında məlumat verib.
Tədbirdə Özbəkistanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Əfqanıstan və digər dövlətlərin alimləri, habelə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, Nəvai adına Dil və Ədəbiyyat Universitetinin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd