Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimovun beynəlxalq ekspert qrupu ilə birlikdə həmmüəllifi olduğu məqaləsi “Web of Science” bazasında indeksləşən və bitki sistematikası sahəsi üzrə Q1 kvartilinə daxil olan “Taxon” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Yer üzərində yayılmış 400 mindən çox məlum borulu (vaskulyar) bitki və mamır növlərini ehtiva edən qlobal resurs bazasına - Dünya Onlayn Florasına həsr olunub. Dünyada 260 ildən çox davam edən botaniki, taksonomik və son zamanlarda filogenetik tədqiqatlar nəticəsində əldə olunan biliklərin sistemli təhlili zərurəti meydan çıxdı. Bu baxımdan Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (Global Strategy for Plant Conservation - GSPC) 2011-ci ildə qəbul edilməsi Dünya Onlayn Florası Konsorsiumunun inkişafına əhəmiyyətli təkan verdi. Konsorsiumun məqsədi GSPC-nin birinci hədəfinə - bütün məlum bitki növlərinin elektron florasının hazırlanması istiqamətində ümumdünya botaniklər ictimaiyyətinin əlaqələndirilmiş fəaliyyətinə nail olmaqdır. Bu, hər hansı taksonomik qrupu, məsələn, sıra və ya fəsilə üzrə mütəxəssislər və taksonomik ekspert şəbəkələri tərəfindən tərtib edilən, idarə olunan, tənzimlənəcək və mütəmadi yenilənəcək ilk unikal və əhatəli bitki müxtəlifliyinə dair qlobal məlumat bazasıdır.