Martın 1-də “İSR Plaza” otelində respublikamızın ali məktəb müəllimlərinin bir qrupuna – Fuad Bağırova (Azərbaycan Texniki Universiteti), Afaq Həsənovaya (Qərb Universiteti), İdris Mustafayevə (Azərbaycan Dövlət Neft Akademiyası), Ələkbər Ələkbərova (Qafqaz Universiteti), Seymur İbadova (Azərbaycan Ali Hərbi Məktəbi) TASİS proqramının sertifikatları təqdim olunmuşdur. Onlar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Securites Research Associates” (SRA) təşkilatının həyata keçirdiyi “Qiymətli kağızlar bazarının inkişafı” layihəsinə uyğun olaraq qiymətli kağızlar bazarı mövzusunda müəyyən olunmuş müddətdə hazırlıq keçmiş və müvəffəqiyyətlə imtahan vermişlər. Beləliklə, gələcəkdə müəllim kimi fəaliyyət göstərəcək azərbaycanlı mütəxəssislər və tələbələr üçün təlim proqramlarının və Azərbaycan dilində tədris vəsaitinin hazırlanması başa çatmışdır.
Layihənin rəhbəri Tim Levin, Bakıdakı “Avropa evi”nin əlaqələndiricisi Yanni Boşer, Qiymətli Kağızlar üzrə Komitəsinin şöbə müdiri Fuad Şahvəliyev və başqaları çıxış edərək, ölkəmizdə qiymətli kağızlar bazarını inkişaf etdirməyin, bu sahədə milli kadrlar hazırlığının əhəmiyyətindən danışdılar. Onlar bildirdilər ki, layihə əsasında hazırlanmış təlim proqramı və tədris vəsaiti Qərb standartlarına tam uyğundur.