AZERCELL ÖTƏN İL DÖVLƏT BÜDCƏSİNƏ 84 MİLYON DOLLAR VERGİ ÖDƏMİŞDİR
Natiq ötən il həyata keçirilmiş sərmayə layihələrindən, yeni xidmətlərin istifadəyə verilməsindən və müasir texnologiyaların tətbiqindən danışmış, şirkətin ötən il 196 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmiş Tunis Sammitində, beynəlxalq “Bakutel-2005” telekommunikasiya sərgisində, “Uğur-2005” milli mükafatı müsabiqəsində fəal iştirakından söz açmışdır. Məlumat verilmişdir ki, “Milyonların kampaniyası”nda 2664 abonent, “LOTOMesaj” kampaniyasında isə 2700 abonent müxtəlif məbləğdə pul mükafatlarının sahibi olmuşdur.
Azercell ötən il dövlət büdcəsinə 84 milyon dollar, yəni 2004-cü ildəkindən 34 milyon dollar çox vergi ödəmişdir. Dövlət büdcəsində müəssisənin ödəmələrinin xüsusi çəkisi 4,09 faiz təşkil etmişdir. Bundan başqa, son 3 ildə xeyriyyə işlərinə və sponsorluq tədbirlərinə 4 milyon dollardan artıq vəsait xərclənmiş, bayramlarda uşaq evlərində olmuş, çadır şəhərçiklərində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə yardım göstərilmişdir.
Bildirilmişdir ki, Azərbaycanda ilk dəfə EDGE texnologiyasını və mobil ötürmələrin ən sürətli yolu olan GPRS/MMS xidmətini gətirən Azercell 2006-cı ildə də bu istiqamətdə işlərini davam etdirəcəkdir. 2006-2008-ci illər ərzində şirkət sahənin genişləndirilməsi məqsədi ilə 350 milyon dollarlıq sərmayə qoymaq niyyətindədir. Abonentlərin ixtiyarına yeni tarif paketlərinin verilməsi və qiymət siyasətində dəyişikliklərin olunacağı da nəzərdə tutulmuşdur.
Sonra jurnalistləri maraqlandıran sullar cavablandırılmışdır.