“Azerfon” şirkəti AZAL-ın təyyarələrində internet xidmətlərini işə salmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). “Azerfon” MMC “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) avialaynerlərinin göyərtəsində internet xidmətlərini işə salmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, məlumatların ötürülməsi xidmətindən AZAL-ın 9 avialaynerində istifadə etmək mümkündür. Sərnişinlər səs xidmətlərindən, SMS və MMS xidmətlərindən istifadədən başqa, xəbərlər izləyə, elektron poçtu yoxlaya və sosial şəbəkələrdə ünsiyyət saxlaya bilərlər.
“Nar Mobile” şəbəkəsinin abunəçiləri üçün “Nar Air” tarif planı vardır. Avialaynerlərin göyərtəsində daxil olan və çıxan zənglərin dəqiqəsinin dəyəri 2 manat təşkil edir. SMS-in göndərilməsi 50 qəpikdir (daxil olan SMS pulsuzdur). MMS-in göndərilməsinin dəyəri 2,6 manat, bir meqabayt GPRS isə 9 manata başa gəlir. Gələn il səs xidmətləri və internet xidmətlərindən istifadə AZAL-ın bütün təyyarələrində mümkün olacaqdır.