“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 13 fevral, AZƏRTAC
“AzerGold” QSC ilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, sənədi QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru akademik Akif Əlizadə imzalayıblar.
Memorandum Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iqtisadiyyatın və sənayenin inkişafında elmin roluna dair müəyyənləşdirdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir. Sənəd hər iki qurumun elm və sənaye arasında əməkdaşlığının yeni mərhələyə keçidini təmin edəcək.
Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsi, Yer təkinin tədqiqi sahəsində innovativ fəaliyyətlərin təşviqi, nəcib, əlvan və qara metal filiz yataqlarının geoloji-geofiziki öyrənilməsi, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasına dəstək, həmçinin məsləhət və texniki təlim xidmətlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edir.
Sənəd çərçivəsində ölkə ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qızıl filizləşməsinin tədqiqi və qiymətləndirilməsi, regiondakı qızıl yataqlarının müqayisəli mineraloji və geokimyəvi təhlilinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, innovativ texnologiyaların tətbiqi əsasında həmin ərazilərin müasir geoloji və tektonik xəritələrinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında ilk Anlaşma Memorandumu 2016-cı ildə imzalanıb. Həmin sənəd çərçivəsində institut alimləri tərəfindən istehsalat tullantılarının sənayedə istifadəsi perspektivlərinə dair elmi cəhətdən əsaslandırılmış yanaşmalar hazırlanıb. İnstitutun alim və mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə olunub. Bu əməkdaşlıq nəticəsində ölkənin qızıl yataqları üzrə müasir geoloji-genetik modellər işlənib hazırlanıb və həmin modellər hazırda da “AzerGold” QSC-nin geoloqları tərəfindən proqnozlaşdırma və planlaşdırma proseslərində uğurla tətbiq olunur.