«Azərikimya» da ekologiyanın qorunması, tullantıların idarə olunması işi gücləndirilir
Sumqayıt, 27 sentyabr ( AZƏRTAC). ARDNŞ-in “sıfır tullantı” ekoloji proqramı çərçivəsində «Azərikimya» İstehsalat Birliyinin (İB) idarə və müəssisələrində ətraf mühitin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ”Tullantıların idarə olunması Planı”na uyğun olaraq İB-in bütün istehsalat sahələri tullantıların çeşidlənməsi üçün 240-dan artıq tullantı qutusu ilə təchiz edilmişdir. Tullantılar sexlərdə növlərinə görə çeşidlənməklə İB-in ekologiya şöbəsinin nəzarəti altında qrafik üzrə daşınaraq, müvafiq tullantı mərkəzlərinə təhvil verilir.
Bu sahədə işin daha səmərəli təşkili üçün İB-in idarə və müəssisələrinin müvafiq ərazilərində 180-dən artıq maarifləndirici plakat və nişanlar asılmışdır. Hazırda tullantıların təsnifatı, uçotu və sənədləşmə işlərinin aparılması, istehsalat prosesində əmələ gələn tullantıların minimuma endirilməsi, təkrar emalı və ləğv edilməsi məsələlərinə ciddi diqqət yetirilir.
Bunlarla yanaşı İB-də çirkab və məişət-təsərrüfat sularının təmizləyici qurğular sexinə nəqli və təmizlənməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Etilen-Polietilen zavodunun əsaslı təmiri zamanı kimyəvi çirkab suları üçün nəzərdə tutulmuş yeraltı quyu kimyəvi şlamdan tam təmizlənmiş və orada təmir işləri aparılmışdır.
Yaxın günlərdə çirkab sularının tərkibindəki neft məhsullarının, o cümlədən yağların tam tutulması məqsədilə təmizləyici qurğular sexində yeni bir xüsusi qurğunun quraşdırılması işləri də başa çatmaq üzrədir.