İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində Almaniyanın GİCON şirkətinin mütəxəssislərinin iştirakı ilə seminar keçirilmişdir
Sumqayıt, 2 noyabr (AZƏRTAC). Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində Almaniyanın GİCON şirkəti ilə bağlanmış ikiillik müqavilənin yekunlarına həsr olunmuş seminar keçirilmişdir.
Tədbirdə, həmçinin təmizlənmə texnologiyalarının təqdimatı da olmuşdur. “Azərikimya” İstehsalat Birliyi rəhbərliyinin, “Kimyalayihə” İnstitutunun, ARDNŞ-in Ekologiya İdarəsinin, “Ekoloji Monitorinq”
Departamentinin, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin, 4 saylı Ərazi Ekologiya və təbii sərvətlər İdarəsinin, Sumqayıt Kimya sənaye Parkı MMC-nin nümayəndələrinin iştirak etdiyi yekun seminarda Almaniyanı GİCON şirkətinin mütəxəssisləri və digər qonaqlar təmsil etmişlər.
Seminarda GİCON şirkətinin nümayəndələri tərəfindən iki il ərzində pilot layihə çərçivəsində görülmüş işlərin hesabatı təqdim olunmuş, fikir mübadiləsi aparılmışdır.
Seminarda çıxış edənlər qeyd etmişlər ki, hələ 2011-ci ilin sentyabrında “Azərikimya” İstehsalat Birliyində “Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi” mövzusunda konfrans keçirilmiş, Birlik və Almaniyanın GİCON şirkəti arasında ikiillik saziş imzalanmışdır. Saziş çərçivəsində GİCON şirkətinin mütəxəssisləri müqavilə müddəti ərzində “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda fəaliyyəti dayandırılmış butadien və stirol istehsalatları ərazisində monitorinq apararaq, toplanmış ilkin məlumatlar bazası əsasında çirklənmiş ərazilərin kadastrını hazırlamış, həyata keçiriləcək tədbirlərin planını tərtib edərək Birliyə təqdim etmişlər. Bundan sonrakı mərhələdə işləri ARDNŞ-in müvafiq struktur bölmələri ilə birgə “Azərikimya” İB-nin mütəxəssisləri davam etdirəcəklər.
Seminarda, həmçinin GİCON şirkəti tərəfindən “PPP” layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat çərçivəsində GİCON şirkətinin layihə rəhbərinin “Meqasaytların (böyük ərazilərin) sağlamlaşdırılması sahəsində yeni metodlar”, Hessen əyalətindəki “Sənaye tullantıları” MMC-nin rəhbərinin “Sağlamlaşdırma texnologiyaları və onların planlaşdırılması qaydaları”, həmçinin “Azərikimya” İB-nin İcraçı direktorunun müavini Vüqar Kərimovun “SOCAR-Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərə yeni həyat verir” mövzusunda mühazirələri dinlənilmiş, hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Seminardan sonra qonaqlar “Azərikimya” İB-nin istehsalat sahələri ilə tanış olmuşlar.