“AZƏRİQAZ” QAPALI SƏHMDAR CƏMİYYƏTİNDƏ NÖVBƏTİ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Cəmiyyətin sədr müavini N.Səmədzadə müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermiş, qazın qəbulu, paylanması və uçotunun düzgün aparılması, eləcə də sayğacların quraşdırılması sahəsində müəyyən uğurlar qazanıldığını vurğulamış, lakin bu sahədə hələ də nöqsanların olduğunu nəzərə çatdırmışdır.
Müşavirədə respublikamızın qərb bölgəsi üzrə aparılan yoxlamaların nəticələri ciddi araşdırılmış və yol verilən bir sıra nöqsanların tezliklə aradan qaldırılması tapşırılmışdır. İşdə yol verdiyi nöqsanlara görə Tovuz rayon qaz istismarı idarəsinin baş mühəndisi tutduğu vəzifədən azad edilmiş və onun haqqında istintaq orqanlarına müraciət edilməsi qərara alınmışdır. Ağstafa, Qazax, Şəmkir rayonlarında aparılan yoxlamalar zamanı ciddi nöqsanların aşkarlanmadığı bildirilmiş, həmin qurumların rəislərinə qüsurların tezliklə aradan qaldırılması tapşırılmış, Gədəbəy rayonundan daxil olan şikayətlərin yerində araşdırılması üçün rayona mütəxəssislər ezam edilməsi qərara alınmışdır.
Müşavirədə Bakı şəhəri üzrə tapşırıqların icra vəziyyəti də müzakirə edilmiş, Nəsimi, Yasamal, Sabunçu, Səbail rayonlarında bir sıra nöqsanların olduğu bildirilmişdir.
Xidmətlərin rəhbərlərinə tapşırılmışdır ki, sayğacların quraşdırılması işini vaxtında başa çatdırsınlar, istehlak olunmuş təbii qazın dəyərinin tam ödənilməsinə nail olsunlar.