“Azərişıq”ın sədri Şamaxıda vətəndaşlarla görüşüb
Bakı, 23 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dekabrın 23-də Şamaxı şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Şamaxı şəhəri, Babasəlim Əzizov küçəsi 1 ünvanında yerləşən “Azərişıq”ın Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.