“AZƏRREYL“ İSPANİYA ÇEMPİONUNA UDUZMUŞDUR
Həmin gün “Azərreyl” komandası İspaniyanın “Tenerife” klubunun qonağı olmuşdur. Görüş Bakı vaxtı ilə gecə saat 12.00-da başlanmışdı. Qarşılaşmada İspaniya voleybolçuları 3:0 hesabı ilə qalib gəlmişlər (25:19, 25:14, 25:15). Komandalar arasında noyabrın 30-da Bakı İdman Sarayında keçirilmiş ilk oyun isə 3:1 hesabı ilə Azərbaycan voleybolçularının xeyrinə başa çatmışdı. “B” qrupunda təmsil olunan “Azərreyl” klubu keçirdiyi 7 oyundan 5-ni qələbə ilə başa vuraraq, hazırda 12 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. İtaliyanın “Pallavolo Sirio” klubu isə 13 xalla birinci yeri tutur.
Dekabrın 22-də qrup mərhələsi çərçivəsində digər oyunlar keçiriləcəkdir. “Kalisiya” (Polşa)-“Vakifbank” (Türkiyə) görüşündə qonaq komanda qələbə qazanarsa, Azərbaycan voleybolçuları turnir cədvəlində üçüncü pilləyə enəcəklər. Oyun polşalıların xeyrinə başa çatarsa, məşqçi Faiq Qarayevin yetirmələri elə ikinci sırada da qalacaqlar.
Bununla da, Avropa çempionlar liqasının qrup oyunları çərçivəsində 2005-ci ilin görüşlərinə yekun vurulacaqdır. Növbəti ildə hər komanda 3 oyun keçirəcəkdir. “Azərreyl” ilk oyununu 2006-cı il yanvarın 3-də Bakı İdman Sarayında Xorvatiyanın “Mladost” klubu ilə keçirəcəkdir. Voleybolçularımız yanvarın 11-də isə İtaliyanın “Pallavolo Sirio”, yanvarın 17-də Türkiyənin “Vakifbank” komandalarının qonağı olacaqlar.