İDMAN
AZƏRTAC-ın komandası minifutbol turnirinə qələbə ilə başlayıb









Bakı, 20 noyabr, AZƏRTAC
AZƏRTAC-ın komandası ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə qələbə ilə başlayıb. C qrupunda yer alan komandamız ilk görüşdə Müdafiə Nazirliyinin kollektivi ilə üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada AZƏRTAC-ın komandası 3:2 hesabı ilə qələbə qazanıb. Komandanın heyətində İlkin Cavanşirov dubl edib, digər qolu isə Roman İsmayılov vurub.
AZƏRTAC-ın komandası növbəti oyununu noyabrın 26-da Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə keçirəcək.
2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır.
C qrupunda AZƏRTAC-ın komandası ilə yanaşı Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) komandaları yer alıblar.
Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu mərhələnin oyunları martın 4-26-da keçiriləcək. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ qazanacaqlar.