AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “ERP SYSTEMS Siemens PLM Software Partner in Azerbaijan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanmasından öncə AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə şirkət nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Görüş zamanı professor Gülçöhrə Məmmədova mövzunun aktuallıq daşıdığını vurğulayaraq, Prezident İlham Əliyevin rəqəmsallaşma və süni intellekt sahəsində keçirdiyi son müşavirəyə diqqət çəkib. Rektor qeyd edib ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq AzMİU-da rəqəmsal transformasiya və süni intellekt istiqamətində işlər daha da sürətləndirilib.
Rektor bildirib ki, artıq universitetdə süni intellekt ixtisasının açılması ilə bağlı qərar qəbul edilib və növbəti tədris ilinə qədər bu ixtisas üzrə bütün təşkilati və akademik məsələlərin yekunlaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu addım mühəndislik, memarlıq və inşaat sahələrində kadr hazırlığının keyfiyyətini yeni mərhələyə yüksəldəcək. AzMİU rəqəmsallaşma sahəsində bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və “Siemens” ilə qurulan tərəfdaşlıq bu proseslərin daha sistemli və sürətli həyata keçirilməsinə mühüm töhfə verəcək.
“ERP SYSTEMS Siemens PLM Software Partner in Azerbaijan” MMC-nin direktoru Şəhla Axundova çıxışında “Siemens” şirkətinin qlobal miqyasda ali təhsil müəssisələri ilə həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, şirkət sənaye rəqəmsallaşması, məhsulun həyat dövrünün idarə olunması (PLM), süni intellekt və ağıllı istehsal texnologiyaları üzrə universitetlərlə sıx əməkdaşlıq edir. Şəhla Axundova qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində AzMİU tələbələri və müəllimləri üçün təlim proqramlarının təşkili, proqram təminatlarına çıxış, birgə elmi-tədqiqat layihələrinin icrası və praktiki biliklərin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd universitet–sənaye əlaqələrini gücləndirmək və real istehsalat mühitinə uyğun mütəxəssislərin hazırlanmasına dəstək verməkdir.
Sonda tərəflər imzalanmış memorandumun AzMİU-da rəqəmsal bacarıqların inkişafına, innovativ tədris mühitinin formalaşmasına və ölkənin ümumi rəqəmsal inkişaf strategiyasına xidmət edəcəyinə əminlik ifadə ediblər.