Bakı Ali Neft Məktəbinin 11 proqramı beynəlxalq akkreditasiyadan keçib
Bakı, 6 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) 11 təhsil proqramı Almaniyanın Akkreditasiya Agentliyi ASIIN tərəfindən beynəlxalq akkreditasiya prosesindən uğurla keçib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Bakalavriat səviyyəsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “Biznesin idarə edilməsi”, magistratura səviyyəsi üzrə “Neft və qaz texnologiyası”, “Yatağın qiymətləndirilməsi və idarə olunması”, “Kibertəhlükəsizlik”, “Texniki sistemlərdə idarəetmə” və “Biznesin təşkili və idarə edilməsi (MBA)” proqramları akkreditasiya prosesindən keçib.
Bundan əlavə, proqramların 7-si mühəndislik üzrə beynəlxalq keyfiyyət göstəricisi sayılan EUR-ACE nişanına layiq görülüb. Həmin proqramlar bunlardır: “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Neft və qaz texnologiyası”, “Yatağın qiymətləndirilməsi və idarə olunması”, “Texniki sistemlərdə idarəetmə”.
Beləliklə, ASIIN tərəfindən BANM-ə 18 sertifikat təqdim edilib.
Sertifikatlar ASIIN-in icraçı direktoru İring Vasser tərəfindən BANM-in rektoru Elmar Qasımova və müvafiq kafedra rəhbərlərinə təqdim olunub.
Bakı Ali Neft Məktəbinin ASIIN akkreditasiyasından uğurla keçməsi münasibətilə keçirilən tədbirdə SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov iştirak edərək Bakı Ali Neft Məktəbini təbrik ediblər.