Bakı-Astana strateji tərəfdaşlığı türk dövlətlərinin əməkdaşlığına böyük impuls verir - ŞƏRH
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan-Qazaxıstan əməkdaşlığı və strateji tərəfdaşlığı həm Xəzər hövzəsi regionu, həm Orta Asiya-Cənubi Qafqaz, həm də Türk Dövlətləri Təşkilatı coğrafiyası üçün mühüm əhəmiyyətə malikdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Bakı-Astana müttəfiqliyi regional kontekstdə sabitliyin, iqtisadi əməkdaşlığın təmin olunması, təhlükəsizlik məsələləri ilə əlaqədar təhdidlərin önlənməsi, transmilli layihələrin gerçəkləşməsi üçün əsas dayaq nöqtələrindən biridir: “Bu müttəfiqlik regionda təhlükəsizliyin təmin edilməsində xüsusi rola malikdir və xarici təsirlərin neytrallaşdırılmasında əsas amillərdəndir. Bakı-Astananın strateji tərəfdaşlığı bütün türk dövlətlərinin əməkdaşlığına böyük impuls verir. Xüsusən Şərq-Qərb istiqamətində “Orta dəhliz” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasında Bakı ilə Astananın strateji tərəfdaşlığı əsas komponentdir. Hər iki ölkənin böyük enerji daşıyıcıları ehtiyatına malik olması onların əməkdaşlığının dəyərini artırır”.
“Türk Dövlətləri Təşkilatının yeni rolu və dünyada baş verən dəyişikliklər, regional ittifaqlara artan ehtiyaclar Azərbaycan-Qazaxıstan əməkdaşlığı və strateji tərəfdaşlığının inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan Qazaxıstanın Baş naziri Alixan Smailovun Bakıya səfəri və bu gün Azərbaycan Prezidenti ilə görüşü əməkdaşlıq və strateji tərəfdaşlığa yeni impuls verəcək. Azərbaycan Prezidenti İlham Əliyev türk birliyinin formalaşmasında lider rola malikdir. Bu istiqamətdə ən vacib qərarlar Azərbaycanda keçirilən görüşlərdə və rəsmi Bakının fəal təşəbbüskarlığı ilə verilib. Təsadüfi deyil ki, dövlətimizin başçısı bir daha əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi də digər türk dövlətləri üçün uğurlu bir nümunə yaradıb və inteqrasiyaya inamı gücləndirib. Ehtimal etmək olar ki, yaxın gələcəkdə bu istiqamətdə, həmçinin ikitərəfli əməkdaşlıq sahəsində daha mühüm addımlar atılacaq. Qazaxıstan-Azərbaycan müzakirələri bu kontekstdə mühüm əhəmiyyətə malikdir”, - deyə Z.İbrahimov qeyd edib.