BAKI BANKLARARASI VALYUTA BİRJASINDA FEVRAL AYINDA KEÇİRİLMİŞ HƏRRACLARIN ÜMUMİ HƏCMİ 409 MİLYARD MANATDIR
Birjanın analitik-məlumat şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində keçirilən hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin sayına görə Azərbaycan Beynəlxalq Bankı, “Texnikabank”, “Əmrahbank” kommersiya bankları, “Respublika” səhmdar-kommersiya bankı və “Rabitəbank” kommersiya bankı birja valyuta bazarının lider bankları sırasına daxil olmuşlar.
Fevralda BBVB-nin ABŞ dolları üzrə hərraclarında 29 bank iştirak etmişdir. Ötən ay 20 hərrac sessiyası keçirilmiş, 208 əqd bağlanmışdır. Birjanın valyuta bölməsində ABŞ dolları üzrə keçirilən hərracların ümumi həcmi 409 milyard 115 milyon manat və ya 82,873 milyon ABŞ dolları təşkil etmişdir. Bu, ötən ayla müqayisədə 29,13 faiz, 2003-cü ilin fevralına nisbətən isə 7,5 dəfə çoxdur. Fevral hərraclarının ümumi həcminin 70,423 milyon ABŞ dolları və ya 85 faizi BEST elektron hərracları sisteminin payına düşür. AZM-in ABŞ dolarına nisbətdə orta hesablanmış məzənnəsi yanvar ayında 1 USD üçün 4928,48 manata bərabər olduğu halda, fevralda 4936,65 manat təşkil etmişdir.
Fevralda Rusiya rublu (RUR) və avro (AVR) üzrə 193 milyon manatlıq əqd bağlanmışdır.