BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 850 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4938 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 1 milyon 850 min ABŞ dolları olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4936,61 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 7 milyon 190 min ABŞ dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 35,494 milyarddır. Bir əqdə, orta hesabla, 1 198 333 dollar düşmüşdür.
Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,325 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Fevralın 20-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.