BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 310 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4938 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. 310 min dollar təklif və 350 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 4939 manat olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4940 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 880 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,287 milyarddır. Bir əqdə, orta hesabla, 208 889 dollar düşmüşdür. USD/AZM T+1 alətləri üzrə 4 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 19,752 milyarddır.
Tələbat olmadığından dilerlər USD/AZM T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 3,900 milyard manat məbləğində kredit cəlb edilmiş və yerləşdirilməsi barədə sifarişlər vermişlər.
Fevralın 26-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.