BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 136 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4940 manat olmuşdur. Təklif 1 milyon 136 min dollar və tələb 1 milyon dollar olduğu halda manatın məzənnəsi 3 bənd qalxaraq, 1 dollar üçün 4937 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4936,36 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 8 milyon 520 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 42,058 milyarddır. Bir əqdə, orta hesabla, 1,704 milyon dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,493 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək barədə sifarişlər vermişlər.
Martın 1-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.