BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9150 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 35 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 180 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9150 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 215 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 196 725 AZN təşkil edir. Bir əqdə orta hesabla 43 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,03 faiz, ABŞ dolları üzrə isə 14,84 faiz təşkil etmişdir.
Birjada banklar arasında kredit alətləri üzrə illik 10 faizlə 300 000 AZN həcmində bir əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti 42 gündür.