Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner yüklərinin emalı sürəti yüksəkdir
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner yüklərinin emalı sürəti müasir tələblərdən daha yüksək səviyyədədir ki, bu da gecikmələri tamamilə aradan qaldırıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlama və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Xəzər regionunda miltimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Bakı limanının müəyyən olunmuş yük aşırma potensialı və qurulmuş əməliyyat sistemi mövcuddur.
“Orta Asiya limanları ilə müqayisədə bizdə yük aşırma tezliyi daha üstündür. Xüsusilə də konteynerlərin aşırılması protokolla tənzimlənir və dəqiq vaxtla həyata keçirilir. Məsələn, Orta Dəhliz üzrə protokola əsasən limanlar konteyner gəmisini maksimum 30 saat ərzində yükləyib-boşaltmalıdır. 2024-cü ildə Bakı limanında bu göstərici orta hesabla 15–20 saat təşkil edib. Hətta bəzi hallarda bu rəqəmdən də aşağı nəticələr əldə olunub. Bu isə sürətin kifayət qədər yüksək olduğunu göstərir”, - deyə departament rəhbəri vurğulayıb.
Xudayar Həsənlinin sözlərinə görə yüklərin emalı sürətilə yanaşı, yük həcmini qəbul etmək imkanları da əhatəli olmalıdır: “Hazırda Bakı limanında konteynerlər üçün ayrılmış körpü mövcuddur. Lakin digər körpülər vasitəsilə də konteynerlərin aşırılması həyata keçirilir. Bundan əlavə, ağır yüklər üçün yeni avadanlıq alınıb və istifadə olunur. Limanın illik konteyner aşırma həcmi 100 min TEU təşkil etsə də, hazırda bu rəqəm 150 min TEU-dan yuxarı qiymətləndirilir”, - deyə o bildirib.