BAKI BİRİNCİLİYİ, İTALİYA ÇEMPİONATI VƏ MOSKVADA QRAN-PRİ YARIŞLARI
Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bölgələrdəki gimnastlar müsabiqədənkənar proqramda çıxış etmişlər.
1991-92-ci illər təvəllüdlü idmançılar arasında çoxnövçülükdə 87,075 bal toplayan “Həmkarlar İttifaqları”nın nümayəndəsi Zülfiyyə Əliyeva qalib gəlmişdir. İkinci yerə gimnastika məktəbinin nümayəndəsi Ceyla Quliyeva (85,6 bal), üçüncü yerə Aysel Hüseynova (gimnastika məktəbi, 82,075 bal) çıxmışlar.
1993-94-cü illər yaş qrupunda respublika kompleks məktəbinin nümayəndəsi Cəmilə Hüseynova (84,275 bal) liderlik etmişdir.
1995-96-cı illər təvəllüdlü gimnastların yarışında isə ən yaxşı nəticəni “Həmkarlar İttifaqları”nın nümayəndəsi Kamilə Məmmədova (62,75 bal) göstərmişdir. Nəhayət, 1997-98-ci illər yaş dərəcəsində qələbəni gimnastika məktəbinin yetirməsi Sima Rəcəbova (38,2 bal) bayram etmişdir.
Bu ara İtaliyada bədii gimnastika üzrə klublararası ölkə çempionatının üçüncü turu başa çatmışdır. Anna Qurbanova və Dinara Gimatovanın müvafiq olaraq çıxış etdikləri “Ardor” və “San-Corcio-79” klubları “A1” və “A2” seriyalı cədvəllərdə ikinci yerdə möhkəm qərarlaşmışlar. A.Qurbanova ötən turnirdə topla 16,125 bal toplayaraq, komanda üzrə rəfiqələri arasında ən yüksək nəticə göstərmişdir. Cəmi 74,225 bal toplayan “Ardor”un hesabında 66 xal var. “A1” seriyasında “Avrora” birinci yerdədir-75 xal.
D.Gimatova isə hesabat turnirində əvvəlkitək lentlə çıxış edərək, həm komandasında, həm də rəqibləri arasında ən yüksək nəticə (14,7 xal) göstərmişdir. “San-Corcio-79”un ümumi nəticəsi 68,35 bal və 62 xaldır. “A2” seriyasının lideri 68 xalla “Flaminio” klubudur.
Beləliklə, çempionatın təsnifat mərhələsi arxada qalmışdır və hazırda gimnastlar martın 11-də Fabrianoda keçiriləcək final yarışlarına hazırlaşırlar.
Lakin bir həftə əvvəl A.Qurbanova, D.Gimatova, habelə son vaxtlar “Neftçi”nin uğurla çıxış edən daha bir nümayəndəsi - 18 yaşlı Aliyə Qarayeva bu il Moskvada Qran-pri seriyalı ilk beynəlxalq turnirdə yarışacaqlar.