ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Əkbər Ağayev
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı Bakı Dövlət Universitetinin professoru Əkbər Ağayevlə bağlıdır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev 1915-ci ildə Şuşada anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və ədəbiyyat şöbəsini bitirib. 1940-1941-ci illərdə Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirib. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil alıb.
Ə.Ağayev Moskvada təhsilini başa vurduqdan sonra “İzvestiya” qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında, Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışıb. Eyni zamanda, elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim, kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləyib.
Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı”, “Şeirimizin yeni nəsli”, “Lirikanın qüdrəti”, “Dramaturgiyanın bəzi məsələləri”, “Ədəbiyyat tarixi haqqında qeydlər” və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur. Onların arasında “Anri Barbüs”, “Höte Nizami haqqında”, “Fransız xalqının böyük oğlu”, “Humanist sənətkar”, “Xalq nəğməkarı”, “Səhər şəfəqləri” və sair əsərləri qeyd etmək olar. “M.Y.Lermantov və Azərbaycan”, “A.İ.Gertsen”, “Sənətkarlıq məsələləri”, “Nizami və dünya ədəbiyyatı”, “Sənətkara töhfə”, “Əsrin tərənnümü” və digər kitabları işıq üzü görüb.
Professor, həmçinin dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə edib. Onun Aleksandr Puşkin, Mixail Lermontov, Anton Çexov, Lev Tolstoy, Vissarion Belinski, Nikolay Dobrolyubov, Maksim Qorki, Çarlz Dikkens, Nikola Bualo və başqa ədiblərdən tərcümələri var.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Əkbər Ağayevin dünyaya göz açdığı Şuşa şəhərində ən uca zirvəyə sancacağı gün uzaqda deyil!