Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Kəriş Köçərli
Bakı, 6 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı 1963-1965-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı olmuş professor Kəriş Köçərli ilə bağlıdır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Kəriş Köçərli 1920-ci ilin yanvarın 24-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Şükür bəy Köçərli repressiya qurbanı olub. O, oğlunun 16 yaşı olanda həbs edilib, 17 yaşı olanda (1937-ci il) güllələnib. K.Köçərli 1936-cı ildə Ağdamdakı pedaqoji texnikumu əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul edilib və 1941-ci ildə ali təhsilini başa vurub. Həmin ildən də Bakı şəhərinin 1 saylı məktəbində fizika və riyaziyyat fənlərini tədris edib, 1953-1958-ci illərdə isə 199 saylı məktəbdə fizika müəllimi işləyib. 1941-1944-cü illərdə Bakı Şəhəri Təhsil İdarəsində metodist işləyib. 1945-ci ildən BDU-nun Fizika fakültəsində Təcrübi fizika kafedrasına assistent vəzifəsinə qəbul edilərək 1951-1958-ci illərdə həmin kafedranın baş müəllimi olub. 1958-ci ildə “Bəzi karbohidrogen birləşmələrinin dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Kəriş Köçərli dosent vəzifəsinə keçirilib. Həmin ildən də Təcrübi-fizika kafedrasına müdir təyin edilib. 1963-1965-ci illərdə Fizika fakültəsinin dekanı vəzifəsində çalışıb, 1965-1976-cı illərdə Ümumi fizika kafedrasının müdiri, 1972-ci ildən isə professoru olub. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəallıq göstərib.
Kəriş Köçərli ömrünü tədrisə, gənc nəslin tərbiyəsinə həsr edib. Azərbaycan dilində dərslik və dərs vəsaitlərinə olan ehtiyacı nəzərə alıb orta məktəbin VII-X sinifləri üçün dərslikləri və ali məktəblər üçün Sergey Friş və Aleksandra Timorevanın “Ümumi fizika kursu” (III hissə) kitabını Azərbaycan dilinə tərcümə edib. Onun həmmüəllif olduğu “Fizika praktikumu” dərs vəsaiti bu gün də əhəmiyyətini saxlamaqdadır. K.Köçərli, həmçinin Azərbaycan Maarif Nazirliyinin “Fizika və riyaziyyat” jurnalının və “Azərbaycan pioneri” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Elmlər Akademiyasının “Radiospektroskapiya” problemləri üzrə şuranın rəyasət heyətinin üzvü olub. Fizika müəllimləri ilə apardığı yaradıcı işlərə görə Maarif Nazirliyi tərəfindən dəfələrlə təşəkkür, Fəxri fərmanlar alıb, “Əməkdar müəllim” adına layiq görülüb.
Gözəl insan, qayğıkeş müəllim olan K.Köçərlinin yüksək səviyyəli mühazirələri, xüsusi bacarıqla apardığı seminar və laboratoriya məşğələləri tələbələrin yaddaşında dərin iz buraxıb. O, eyni zamanda, yaxşı təcrübəçi fizik, dielektriklərin fiziki xassələrinin tədqiqi sahəsində universitetdə yüksək səviyyəli tədqiqat işi aparan alimlərdən birincisi olub. Alimin neft və neft məhsullarının dielektrik xassələrinin tədqiqi ilə bağlı elmi işləri, respublikada neft texnologiyası sahəsinin aparıcı müəssisəsi sayılan Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə istehsalatda geniş tətbiq edilirdi. Respublikanın müxtəlif elmi-tədqiqat institutlarında alınan polimer maddələrin onun yaratdığı elektrofiziki yollarla tədqiqi üsulu yeni maddələrin sintezi prosesində, həm də sürtkü və transformator yağlarının keyfiyyətlərinə nəzarət zamanı istifadə olunurdu. Onun bəzi yarımkeçirici maddələrin müxtəlif elektrik və fotoelektrik xassələrinin, monokristallik yarımkeçiricilərin dielektrik xassələrinin tədqiqi, silisium monokristalının mikrodalğa oblastında tədqiqinə aid işləri böyük elmi və praktiki maraq daşıyıb.
Professor Kəriş Köçərli 1977-ci ildə 57 yaşında vəfat edib.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Kəriş Köçərlinin dünyaya göz açdığı Şuşa şəhərində ən hündür zirvəyə sancacağı gün uzaqda deyil!