Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Paşa Rüstəmov
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti bu ali məktəbin, həmçinin Azərbaycanın ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə ürəyi Vətən üçün alışıb-yanan, Azərbaycanda elmin, təhsilin inkişafına töhfələr vermiş, habelə mütəxəssislər yetişdirmiş görkəmli simalar - Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrasının müdiri olmuş Paşa Rüstəmovla (1920-1997) bağlıdır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Paşa Rüstəmov Şuşa şəhərində anadan olub. 1937-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil alıb. Kimya elmlər doktoru, professor Paşa Rüstəmov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1959-1983-cü illərdə akademiyanın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-cü ildən ömrünün axırına kimi Bakı Dövlət Universitetində kafedra müdiri işləyib.
P.Rüstəmov respublikada fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyanlardan biridir. O, ikili, üçlü və daha mürəkkəb sistemlərin hal diaqramını öyrənib, yarımkeçirici materialların sintezi və tədqiqində diqqətəlayiq nəticələr əldə edib. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək temperaturda davamsız kükürdlü birləşmələrin sintez şəraiti təkmilləşdirilərək materialşünaslıqda istifadə üçün tövsiyə olunub. Elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məhlullar əsasında yaratdığı yüksək effektli fotoçeviricilər, termoelektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detektorlarının hazırlanma texnologiyaları öz əksini tapıb.
Alim 600-dən çox elmi əsərin, o cümlədən 51 müəlliflik şəhadətnaməsi və 14 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru hazırlanıb. Birinci dərəcəli “Vətən müharibəsi” ordeninə, akademik Kurnakov adına medala və Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülüb.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Paşa Rüstəmovun dünyaya göz açdığı, musiqimizin beşiyi sayılan Şuşa şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!