Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Xudu Məmmədov
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professoru Xudu Məmmədov haqqındadır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunda anadan olub. Ağdamda orta məktəbi bitirən X.Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə qəbul olub, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuraraq müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. Sonra SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasına qəbul olub. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olub. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin etdiyi üçün 1955-ci ildə X.Məmmədov “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Alim bir neçə dəfə britaniyalı fizik Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazıb.1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.
Alim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və sair arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənərək, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. Ümumilikdə 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifi olan Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru, 35 elmlər namizədi yetişib.
Professor 1967-ci ildə “Şərəf nişanı”, 1986-cı ildə “Qırmızı əmək bayrağı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub. O, 1988-ci il oktyabrın 15-də Bakıda vəfat edib.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı Xudu Məmmədovun dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!