BAKI FUTBOL FEDERASİYASI PAYTAXT YARIŞLARININ QALİBİ OLMUŞ 24 KOMANDANI MÜKAFATLANDIRMIŞDIR
Öncə, mərasimə fəxri qonaq kimi dəvət olunan bir qrup Rusiya futbol veteranı Azərbaycanın tanınmış futbolçuları ilə birlikdə Fəxri xiyabana gələrək ümummilli lider, Prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə gül düzmüşlər.
Bakı İdman Sarayında təşkil olunmuş mükafatlandırılma mərasimində 24 komandadan 500-dək futbolçuya kubok və medallar təqdim edildikdən sonra, hər iki ölkənin veteran futbolçuları arasında görüş keçirilmişdir.
Rəmzi olaraq “Bakı” adlandırılan komandamızın heyətində Maşallah Əhmədov, Nazim Süleymanov, Yunis Hüseynov, Oqtay Abdullayev, Şahin Diniyev, Asif Əliyev və digər tanınmış veteranlar yer almışdılar. SSRİ və Olimpiya çempionlarından, müxtəlif turnirlərin mükafatçılarından ibarət “Moskva” komandasının heyətində isə Aleksey Prudnikov, Viktor Losev, Vladimir Tatarçuk, Valeri Masalitin, Nikolay Bubnov, Vasili İvanov kimi məşhur futbolçular çıxış edirdilər.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş Moskva veteranlarının 4:2 hesablı qələbəsi ilə başa çatmışdır.
Cəmallədin Əliyevin qoruduğu komandamızın qapısından qolları Vasili İvanov, Nikolay Saviçev, Vladimir Kobzev və Aleksandr Jidkov keçirmişlər. Bakı komandasının heyətində isə Maşallah Əhmədov və Qurban Qurbanov fərqlənmişlər.