Bakı İncəsənət Mərkəzində Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb.
Sərgi barədə fikirlərini AZƏRTAC-a bölüşən Zərnaz İmanzadə bildirib ki, onun ən çox xoşladığı işi “Əvvəl və sonra” əsəridir. Burada o, uzun sürən xəstəlikdən sonra ölümlə üzləşən insan obrazı təsvir etməyə çalışıb. Qeyd edib ki, əsərdə həyatın gözəlliyi və ölümün necə bir məfhum olduğu əks olunub.
İlk dəfə rəssamın əl işləri ilə tanış olan mərkəzin direktoru Rafael Gülməmmədov deyib: “Zərnaz İmanzadənin işlərini görəndə çox sevindim, bu abstrak incəsənət nümunələri mənə zövq verdi. Bu əsərlər sərgilənməyə layiqdir”.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, memar-rəssamın yaradıcılığının genetik kodu təsviri sənət sahəsində özünü daha aydın şəkildə büruzə verir. Onun əsərlərində rənglərin və formaların qarşılıqlı əlaqəsini, bütövlüyünü təyin edən dolğun bir kompozisiya nəzərə çarpır. Bu, sırf mücərrəd formalara aid edildiyi kimi, şərtiliyə və mücərrədliyə meyil edən, tanına bilən fiqurlara da xasdır. Z.İmanzadənin qrafik işlərdə özünüifadə tərzi müəllifin yaradıcı duyğularının təcəssümü olan kompozisiyanın mükəmməlliyini göstərir.
Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Elçin Əliyev bildirib ki, memarlıq praktikada iqtisadi məsələlərə bağlı olduğu üçün onlar özünü göstərə bilmir. Rəssamlıq isə azad bir fəaliyyət növüdür. O, memar rəssamı fərdi sərgisi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra memar Fərhad Mollazadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Kübra Əliyeva, filologiya elmləri doktoru, professor Bahar Cəfərova çıxışlarında rəssamın daxili dünyasından söz açıblar. Qeyd ediblər ki, Zərnaz İmanzadə abstrakt bir rəssam olmasına baxmayaraq, onun palitrası çox rəngarəngdir və orada Azərbaycan mədəniyyəti tam əks olunur.
Qeyd edək ki, sərgi fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq.