BAKI ŞƏHƏR PROKURORLUĞUNUN MƏLUMATI
“Yeni Müsavat” qəzetinin 2008-ci il 24 sentyabr tarixli 254-cü nömrəsində “Bakıda terror şayiəsi” adlı məqalə dərc olunmuşdur. Həmin yazıda qəzetin xəbər xidmətinə istinadən 2008-ci il sentyabrın 23-də metronun “28 May” stansiyasında partlayışın baş verdiyi göstərilsə də, üstündən müəyyən müddət keçəndən sonra bunun şayiə olduğu aydınlaşmışdı.
2008-ci il sentyabrın 24-də Bakı Şəhər Prokurorluğu tərəfindən qəzetdə göstərilən məlumatın mənbəyinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırma aparılmış və bununla əlaqədar qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan və müxbir Məhəbbət Orucov şəhər prokurorluğuna dəvət edilmişlər. Sentyabrın 25-də şəhər prokurorluğunda qəzetin hər iki əməkdaşı ilə aparılmış söhbət zamanı onlar bildirmişlər ki, yazı ilə bağlı onlarda heç bir mötəbər məlumat olmamış və tanımadığı şəxslərdən bu barədə eşitdiyi xəbərləri yazmışlar. Belə ki, 2008-ci il sentyabrın 23-də metronun “28 May” stansiyasında heç bir partlayış baş verməmişdir.
Bakı Şəhər Prokurorluğunda “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilməklə, diqqətə çatdırılmışdir ki, terrorçuluq aktına dair bilə-bilə yalan şayiələrin əhali arasında yayılması yolverilməzdir və cinayət məsuliyyətinə səbəb olur.
Kütləvi informasiya vasitələrində bu cür əsassız, yoxlanılmamış məlumatın çap edilməsi ictimaiyyəti çaşdırmaq, vətəndaşlar arasında gərginlik, vahimə və qorxu hissinin yaradılmasına, onların rahatlığının pozulmasına, digər tərəfdən hüquq mühafizə və əlaqədar təşkilatların qüvvəsinin lazımsız yerə sərf olunmasına yönələn hərəkətlər olmaqla terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə kimi qiymətləndirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır.