ELM VƏ TƏHSİL
Bakı şəhərinin azad edilməsi Azərbaycan xalqının həyatında tarixi hadisədir
Bakı, 15 sentyabr, AZƏRTAC
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə kömək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə xilaskarlıq missiyasını həyata keçirdi. Qafqaz İslam Ordusunun Göyçaydan başlayaraq digər yerlərdə də daşnak-bolşevikləri məğlub etməsi Bakı Xalq Komissarları Sovetinin süqutunu sürətləndirdi. 1918-ci il iyulun 31-də Bakı Soveti süquta uğradı. Qarşıda Bakı şəhərinin azad edilməsi uğrunda birgə fəaliyyət göstərilməsi, döyüşlər aparılması dayanırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib. O qeyd edib ki, Bakı Sovetindən sonra qurulan “Sentrokaspi diktaturası”nın da başlıca məqsədi Bakı şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verməmək idi. Azərbaycan xalqının milli mənafeyinə, Qafqaz İslam Ordusu qoşunlarının izlədiyi məqsədə münasibətdə Bakı Soveti ilə “Sentrokaspi diktaturası” arasında mahiyyətcə elə bir fərq yox idi. Hər iki qurum Azərbaycan Xalq Cümhuriyyətini tanımır, Azərbaycan xalqının öz müqəddəratını müəyyənləşdirmək istəyini heç bir vəchlə qəbul etmək istəmirdi.
Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşanın sentyabrın 14-də imzaladığı əmrlə diviziyaların qarşısında dayanan vəzifələr müəyyənləşdirdi. Səhər saat 05:30-dan başlanan həlledici döyüşdə şəhər daşnak-bolşeviklərdən xilas edildi.
Bakı şəhərinin azad edilməsi Azərbaycan xalqının həyatında tarixi bir hadisə idisə, bu şəhərlə bağlı tamam başqa iddialarla yaşayan erməni millətçilərinin və tör-töküntülərinin niyyətlərinin puç olması demək idi. Onların daxilində kükrəyən qəzəb və nifrət isə Bakı şəhərində növbəti faciələrə, talanlara yol açdı. Küçə döyüşlərində yerli əhaliyə qarşı vəhşiliklərə əl atan erməni silahlılarının bu hərəkətləri türk və Azərbaycan döyüşçülərində, habelə yerli əhalidə hiddət doğurdu. Mart ayında törədilən kütləvi qırğınlarda həlak olanların qohumlarının intiqam əhvali-ruhiyyəsi də şəhərdəki durumu mürəkkəbləşdirdi. Nəticədə, Qafqaz İslam Ordusu komandanlığının, habelə Azərbaycan hökumətinin ciddi tədbirləri olmasaydı, vəziyyət, hətta nəzarət altından çıxa bilərdi. Nəticədə çox qısa zaman ərzində şəhərdə asayiş bərpa olundu. Bakı şəhəri azad edildikdən sonra idarəetmə işləri tamamilə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan hökumətinə verildi.
Eyni zamanda, “Sentrokaspi diktaturası” yıxılan kimi Anastas Mikoyan tərəfindən həbsdən azad edilən və yenidən gəmi ilə Sovet Rusiyasına üz tutan komissarlar tökdükləri günahsız qanlara görə cavab verdilər. Gəmi tufana düşərək geriyə Bakı limanına qayıtdığı üçün, yenidən həbs olunmuş komissarlar ingilislər tərəfindən Türkmənistana aparıldılar və bolşeviklərə düşmən olan sol eserlər tərəfindən güllələnərək öz layiqli cəzalarına çatdılar.
Beləliklə, 1918-ci il sentyabrın 15-də Bakı düşməndən azad edildikdən sonra Bakı şəhəri tarixdə ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrildi, həmçinin tarixi ədalət bərpa olundu və Azərbaycan xalqının düşmənləri öz layiqli cəzalarını aldılar.