Bakı Slavyan Universitetində Dövlət Bayrağı Günü qeyd olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mİşşenko və bu ali məktəbdə İstehsalat təcrübəsini başa çatdırmış ukraynalı tələbələr də iştirak etmişlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev toplaşanları Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, bu dövlət bayramının universitetlə sıx əməkdaşlıq edən Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilməsindən məmnunluğunu bildirmişdir. Rektor ukraynalı tələbələrin BSU-da artıq üçüncü ildir ki, turizm və menecment ixtisasları ilə bağlı təcrübə keçdiklərini diqqətə çatdırmışdır.
Universitetin yaxın dostu, səfir A.Mişşenko tədbir iştirakçılarını salamlamış, belə gözəl gündə həmvətənləri və azərbaycanlı gənclərlə birlikdə olduğundan şərəf duyduğunu bildirmişdir. Diplomat ukraynalı tələbələrin Azərbaycanda təhsil almaları ilə yanaşı, azərbaycanlı gənclərin də Ukraynada yüksək səviyyədə təhsil aldıqlarını vurğulamışdır. A.Mişşenko Poltava İqtisadiyyat və Ticarət Universiteti tələbələrinin BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox səmərəli başa vurmalarından məmnunluğunu bildirmiş, universitetlərarası əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini vurğulamışdır.
Daha sonra səfir və rektor ukraynalı tələbələrə təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar təqdim etmişlər.
BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin “Slavyanoçka” ifaçılar qrupunun Ukrayna dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa etdikləri musiqi nömrələri, milli rəqslər böyük marağa səbəb olmuşdur. Ukraynalı gənclərin Azərbaycan dilində oxuduqları “Azərbaycan” mahnısı alqışlarla qarşılanmışdır.