BAKI YAŞILLIQLARININ MÜDAFİƏSİNƏ HƏSR OLUNMUŞ İNTERNET FORUM
F.Əliyev qeyri-hökumət təşkilatları nümayəndələrinin suallarına cavab verərək bildirmişdir ki, Bakıda ağacların kəsilməsinin əsas səbəbi yeni tikilən binalardır. 2004-cü ilin yanvarından başlayaraq meriya tikinti üçün torpaq sahələrinin ayrılması məsələsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmır. Paytaxt yaşıllıqlarının sonuncu inventarlaşdırılması 2002-ci ildə aprılmışdır. Onun yekunlarına görə, Bakının 11632 hektar sahəsi yaşıllıqlarla örtülmüşdür. Lakin ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmamış yerlərdə əkilir. F.Əliyev demişdir ki, il ərzində Bakıda yağıntının az olması ilə əlaqədar quraqlığa, eroziyaya və küləyə davamlı ağaclar əkilməlidir. Eldar şamı, püstə, zeytun ağacları və digərləri bu növlərə aiddir. Şəhərin atmosfer havasını ən çox avtomobillər çirkləndirir. Mütəxəssis bununla əlaqədar demişdir ki, Bakının girəcəklərində avtomobillərdən zərərli tullantıların həcminə nəzarət edən ekoloji xidmətlər fəaliyyət göstərir. Bundan başqa, hər ilin aprel-may aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təmiz hava uğrunda” aylığı keçirir. Həmin dövrdə nəqliyyat vasitələrinin buraxdığı tullantılara nəzarət olunur. Onun fikrincə, belə şəraitdə müntəzəm surətdə ağac əkmək lazımdır.
Daha bir məsələ: meşələrlə zəngin olmayan bir ölkədə qiymətli ağac növlərindən parket, qapı və pəncərə çərçivələri istehsalı geniş yayılmışdır. F.Əliyevin sözlərinə görə, ABRİ qiymətli oduncaq növlərinin Bakıya gətirilməsinin qarşısını almaq üçün mütəmadi reydlər keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi sonda vurğulamışdır ki, şəhərin hər bir rayonunda yaşıllıqlar üçün icra hakimiyyətlərinin məsuliyyət daşımasına, nazirliyin isə onların mühafizəsi ilə məşğul olmasına baxmayaraq, ağacların taleyi hər bir bakılıdan da asılıdır.