BAKIDA “AVROATLANTİKA TƏHLÜKƏSİZLİYİNƏ OLAN TƏHDİDLƏRƏ MÜMKÜN ELMİ CAVABLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri AMEA-nın İnsan Hüquqları İnstitutu Azərbaycanda NATO həftəsi çərçivəsində təşkil etmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək ölkəmizdə NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirmişdir. Qeyd edilmişdir ki, NATO təkcə Şimali Atlantika Alyansına daxil olan dövlətlərin mövqelərini müdafiə etmir, həm də Şərq ölkələrinin təhlükəsizliyinə yardım etmək, onlarda demokratiyanı və bazar münasibətlərini genişləndirmək missiyasını öz üzərinə götürməyə çalışır.
NATO baş katibinin müavini Jan Furne transatlantik cəmiyyətdə inkişafın, qloballaşmanın dönməz xarakter aldığını və bəşəriyyət üçün qlobal təhlükəyə çevrilmiş terrorizmə, narkobiznesə, kütləvi qırğın silahlarının yayılmasına, insan alverinə qarşı mübarizədə yeni təhlükəsizlik tədbirlərinin işlənib hazırlanmasının, həyata keçirilməsinin və bu sahədə elmi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev NATO-nun müasir dünyada demokratiyanın qarantı olduğunu, sərbəst iqtisadiyyata keçidə təminat verdiyini söyləmişdir.
Seminarda AMEA-nın Kibernetika İnstitutunun direktoru,akademik Telman Əliyevin “Texniki obyektlərdə qəzaların küylə proqnozlaşdırılmasının nəzəriyyə və texnologiyası”, Bakı Dövlət Universitetinin kafedra müdiri Rüstəm Məmmədovun “Separatizm və Cənubi Qafqazda təhlükəsizlik məsələləri: problemlər və perspektivlər”, Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi İsmayıl Abdullayevin “Beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqlar (narkobiznes, qeyri–leqal miqrasiya, silah və insan alveri və s.) Avroatlantika təhlükəsizliyinə qlobal təhdiddir” mövzularında məruzələri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, əslində NATO ilə qarşılıqlı münasibətlər bu təşkilatın yeni rolu ilə müəyyənləşmişdir.