BAKIDA “BİTKİLƏRİN SAĞLAMLIĞI ÜZRƏ SƏRHƏD TƏFTİŞİ” TƏLİMİ BAŞLAYIR
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı (TIRSP) və Kənd Təsərrüfatı Departamenti (USDA) Azərbaycan hökuməti ilə birlikdə sentyabrın 23-də Bakıda “Bitkilərin sağlamlığı üzrə sərhəd təftişi” mövzusunda dördgünlük təlimə başlayacaqlar.
ABŞ-ın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bitki və heyvanlar üzrə beynəlxalq ticarəti tənzimləyən siyasət və tənzimləyici baza, sərnişinlərin, yükün, poçtun, idxal olunan malların, bağlamaların yoxlanılması, monitorinqi üzrə prosedurlar, daxilolma məntəqəsində yüklərin idarə olunması ilə bağlı məsələlər müzakirə olunacaqdır. İştirakçılar daxilolma məntəqələrində bitki ziyanvericiləri və xəstəliklərini müəyyən etmək, qarşısını almaq üçün tələb olunan lazımi bacarıqlara yiyələnəcəklər.
Bu təlim Azərbaycana yeni ziyanvericilərin və xəstəliklərin daxil olmasının qarşısını almaqla yanaşı, Azərbaycanın ixrac mallarının karantin ziyanvericilərindən mühafizəsini təmin edəcəkdir.
Tədbirdə Kənd Təsərrüfatı, İqtisadi İnkişaf, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.