İDMAN
Bakıda “Formula-1” Qran-prisinin təşkilatçıları Rusiyadan 3,5 min fanatın gəlişini gözləyir

Bakı, 9 iyun, AZƏRTAC
Bakıda “Formula-1” sinfində maşınların Dünya çempionatının Avropa mərhələsinin təşkilatçıları Rusiyadan təxminən 3,5 min fanatın gəlişini gözləyir.
AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu bildirən “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov əlavə edib: “Hazırda rusiyalı azarkeşlərə təxminən 2,5 min bilet satılıb. Gözlənilir ki, son anda rusiyalılar daha min bilet alacaq”.
Bundan əlavə, icraçı direktor güman edir ki, Qran-priyə bütün biletlər bu həftənin sonuna qədər satılıb qurtaracaq. O vurğulayıb: “Demək olar ki, bütün biletlər artıq satılıb. Hər gün satış artır, buna görə də güman edirik ki, həftə sonuna qədər artıq bilet qalmayacaq. Tribunadakı bir yerin minimum qiyməti 200 dollardır, ümumi girişdə ayaqüstü yer isə 90 dollar”.
Arif Rəhimov həmçinin bildirib ki, gələcəkdə “Formula-1” Dünya çempionatının Bakıda Avropa mərhələsi günün qaranlıq saatlarında da keçirilə bilər.
Hazırda Sinqapur və Bəhreyndə “Formula-1” çempionatının təqvimində iki gecə yarışı var.
Arif Rəhimov deyib: “Gecə yarışı tamaşaçılar, azarkeşlər və dostlar arasında tez-tez müzakirə olunub və təklif edilib. Bu, əlavə xərclər deməkdir, biz trası hər dəfə yenidən qurmalıyıq, bunu etmək çətindir. Gələcəkdə bu məsələyə baxarıq, əgər indi hər şey alınsa, ola bilsin ki, nə vaxtsa gecə yarışına keçdik. Şəhərin işıqlandırılması gözəldir və gecə yarışı yaxşı baxılacaq”.
Avropa Qran-prisi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək.