BAKIDA “HİV/AİDS VƏ İŞ DÜNYASI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də Bakıda, “Ambadassor” mehmanxanasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “HİV/AİDS və iş dünyası” mövzusunda konfrans keçirilmişdir.
Konfransda BƏT-in AİDS layihə meneceri, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Yelena Kudryavtsevanın rəhbərliyi ilə nümayəndə heyəti, müvafiq hökumət qurumları, yerli və beynəlxalq təşkilatların təmsilçiləri və işəgötürənlər iştirak etmişlər.
Konfransı açan ASK prezidenti Ələkbər Məmmədov bildirmişdir ki, artıq HİV/AİDS yalnız səhiyyənin predmeti kimi deyil, həm də sosial-iqtisadi problem kimi qiymətləndirilir.
Ə.Məmmədov qeyd etmişdir ki, 2007-ci ildən başlayaraq ASK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda HİV/AİDS-in əmək sferasına təsiri ilə bağlı layihə həyata keçirir. Layihə çərçivəsində nəqliyyat, mehmanxana/turizm və aqrar sahədə fəaliyyət göstərən sahibkarların problemə münasibətilə bağlı araşdırma aparılmış, hesabat hazırlanmış və layihənin iş planına əsasən HİV/AİDS-lə əlaqədar işəgötürənlərin bilik və məlumatlarının artırılması məqsədi ilə müvafiq tədbirlər, o cümlədən dəyirmi masalar, seminarlar təşkil olunmuş, vəsaitlər çap edilmişdir.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Azərbaycanda HİV/AİDS üzrə vəziyyət və milli səviyyəli cavab tədbirləri barədə və ASK-nın HİV/AİDS-in iş dünyasına təsirinə qarşı fəaliyyəti haqqında təqdimatı dinlənilmiş, yenicə çapdan çıxmış “HİV/AİDS və iş dünyası” kitabının təqdimatı keçirilmişdir.
Konfransda problemlə bağlı işəgötürənlərin və digər maraqlı tərəflərin fəaliyyət müzakirə olunmuş, işəgötürənlər təşkilatının məsələ ilə bağlı gələcək planları müəyyənləşdirilmişdir.