Bakıda keçirilən beynəlxalq konfransda sərhədyanı turizmin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 9 dekabr (AZƏRTAC). Dekabrın 9-da Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin respublikamızda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində sərhədyanı turizmin inkişaf perspektivləri ilə əlaqədar beynəlxalq konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, qonşu ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycana turistlərin 50-55 faizinin sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən gəldiyini bildirmişdir.
Dünyada sərhədyanı turizmin çox aktual turizm növü olduğunu xatırladan A.İsmiyev demişdir ki, ölkəmizə ildə təxminən 2 milyon turist gəlir. Azərbaycan hökuməti 2015-ci ilədək ölkəyə gələn turistlərin sayını 5 milyona çatdırmaq niyyətindədir.
Gürcüstan, Rusiya və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında birgə layihələr, dəniz səyahətləri, tarixi-mədəni əlaqələr baxımından sərhədyanı turizmin inkişafına həsr olunmuş konfransın əhəmiyyətini vurğulamış və Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişlər.
Konfransın birinci hissəsində “Sərhədyanı turizm sahəsində dövlətlərarası əməkdaşlıq: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda məruzələr dinlənilmişdir.
İkinci hissədə “Mədəniyyətlərarası əlaqələr və alternativ turizm növlərinin inkişafi”, sonra isə “Ali təhsil müəssisələrinin turizm sahəsində əməkdaşlığı” mövzularında müzakirələr aparılmışdır.
Konfransın sonunda sərhədyanı turizmin inkişafı sahəsində Bakı Bəyannaməsi imzalanmışdır.
.