BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,2 ton ət, 0,2 ton ağartı, 4 ton tərəvəz, 2 ton kartof, 2 ton meyvə, 2 min ədəd yumurta, 30 kiloqram bal təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olduğu üçün paytaxt sakinləri gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə əldə edə bilirlər.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada işçi qrupun məlumatına görə, iki gün ərzində Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarının fermerləri 80 tondan artıq meyvə-tərəvəz satmışlar.
Paytaxt sakinləri qiyməti bazarlardakından xeyli ucuz olan meyvə-tərəvəzi və digər məhsulları həvəslə almışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günlərində alıcılara 264 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunmuşdur. Yarmarkaya Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından 20-25 faiz ucuz olmuşdur.
Suraxanı rayonu ərazisində “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində təşkil olunmuş yarmarkalarda iki gün ərzində 72 ton 200 kiloqram kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdir. Hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günlərində burada 11 tondan çox badımcan, üzüm, kələm, pomidor, lobya və digər məhsullar satılmışdır. Alıcılar məhsulların qiymətinin münasib olmasından razılıq etmişlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Ağstafa və Goranboy fermerləri satışa müxtəlif çeşiddə meyvə-tərəvəz, süd məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, şənbə və bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 48,8 ton məhsul çıxarılmışdır. Alıcılara Giləzi və Goradil broyler fabriklərinin məhsulu olan 10 mindən çox yumurta da təklif edilmişdir.
######
