BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada sakinlərə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunurdu. Alıcıların dediyinə görə, məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada işçi qrupun məlumatına görə, satışa Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 80 tondan artıq meyvə-tərəvəz çıxarılmışdı.
Paytaxt sakinləri qiyməti bazarlardakından xeyli ucuz olan meyvə-tərəvəzi və digər məhsulları həvəslə alırdılar.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan 21 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən isə 11 min 600 ədəd yumurta gətirilmişdi.
Ağdaşdan gəlmiş Kazım Musayev narın kiloqramını 50-60 qəpiyə təklif edirdi. Yerli fermer deyir ki, artıq ikinci dəfədir bura məhsul gətirir və qəsəbə sakinləri təklif edilən məhsulu böyük həvəslə alırlar.
Alıcılar və fermerlər yarmarkaların təşkilini əhalinin rifahına, sahibkarlığın inkişafına diqqət və qayğının təzahürü kimi qiymətləndirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada alıcılara 283 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunurdu. Yarmarkaya Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından 20-25 faiz ucuz idi.
Son günlər havaların xoş keçməsi şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. Suraxanı sakinləri bu rayonun ərazisində təşkil olunmuş yarmarkalardan əlidolu, razılıqla çıxırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, Suraxanı “Günəş” ticarət mərkəzindəki yarmarkada alıcılara Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 68 ton 900 kiloqram məhsul təklif olunur. Məhsul bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 4,4 ton məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada fermerlər satışa badımcan, nar, alma, kartof, üzüm, lobya, kələm və digər meyvə-tərəvəzlər, süd məhsulları çıxarmışdılar. Onlar kartofun kiloqramını 30-40, kələmin kiloqramını 20-30, almanın kiloqramını 30, pomidorun kiloqramını 50-60 qəpiyə təklif edirdilər. Alıcılar məhsulların qiymətlərinin onlar üçün sərfəli olduğunu söyləyirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, bu gün yarmarkaya Qazaxdan 12, Ağsudan isə 6 ton kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə şəhər sakinləri Ağstafa, Goranboy və Bərdədən gətirilmiş təzə meyvə-tərəvəzləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 39,5 ton məhsul çıxarılmışdı. Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri isə alıcılara 8 min yumurta təklif edirdilər.
Tərtər rayonunun Hüseynli kənd sakini İlqar Əhmədov öz fermer təsərrüfatından paytaxta 4 ton kartof, soğan və nar, Xaçmaz rayonunun Gəncəli kənd sakini Şəmsi Sadıqov isə 1,5 ton alma gətirmişlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
![]() |
![]() |

