BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 19 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, alıcılara 10,62 ton məhsul, o cümlədən 1,6 ton ət, 0,2 ton ağartı, 3,3 ton tərəvəz, 1,5 ton kartof, 3 ton meyvə, 2 min ədəd yumurta təklif olunur. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, alma, kartof, kələm, soğan, xiyar, çuğundur, badımcan 30-50 qəpiyə və s. satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada satılan meyvə-tərəvəzin və digər məhsulların qiymətləri xeyli ucuz olduğundan sakinlər burada bazarlıq etməyə daha çox maraq göstərirdilər. Şənbə və bazar günlərində Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonların fermerləri satışa 283 ton məhsul çıxarmışdılar. Keyfiyyəti ilə diqqəti cəlb edən üzüm, alma, xurma, qoz, nar, kələm, süd və ət məhsullarının qiyməti də münasib idi.
Şənbə və bazar günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində 73 ton 300 kiloqram kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, bu məhsulların 68,9 tonu “Günəş” ticarət mərkəzində satılmışdır. Son günlər havaların yağmursuz və mülayim keçməsi şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. Sakinlər yarmarkalardan əlidolu, razılıqla çıxırlar. Məhsul bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə-tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdir. Məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya Qazax və Ağsudan gətirilmiş kənd təsərrüfatı məhsulları keyfiyyəti ilə diqqəti cəlb edirdi. Şəhər sakinləri qiymətləri bazardakından 20-25 faiz ucuz olan meyvə-tərəvəzi həvəslə alırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günlərində yarmarkada 17 tondan çox məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Bərdə və Ağstafa fermerləri əhaliyə ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəz və bostan məhsulları təklif edirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, bu gün yarmarkaya Qazaxdan 12, Ağsudan isə 6 ton kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə şəhər sakinləri Ağstafa, Goranboy və Bərdədən gətirilmiş təzə meyvə-tərəvəzi həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 39,5 ton kənd təsərrüfatı məhsulu, Giləzi və Goradil broyler fabriklərindən isə 8 min yumurta gətirilib satılmışdır.